Ağdam-Füzuli yolunda mikroavtobus aşdı, 24 nəfər xəsarət aldı - YENİLƏNİB

 11:11 09.07.2025     508

Bu gün səhər saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) müvafiq şöbələrinə yerləşdiriliblər.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Bərdə RMX-da müalicəsi davam edən şəxslər Gülüstan Həsənova, Zabil Əliyev və Gövhər Mehdiyevadır.

***

09:27

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı 20 nəfərin xəsarət almasıyla bağlı yaralılara tibbi yardım üçün Ağdam Təcili yardım stansiyasının 7 təcili yardım briqadası hadisə yerinə cəlb edilib.