Kəşfiyyatçılar Bakıda məlumat toplayırdılar - Fransız casusdan ETİRAFLAR

 10:24 23.07.2025     71

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan söz istəyib.

O, ifadəsi tərcümə olunarkən bəzi terminlərin aydın ifadə olunmadığını bildirib: "Daha aydın olmaq üçün bəzi şeyləri dəqiqləşdirmək istəyirəm. Orada məxfi əməkdaşlıq, məxfi görüş deyimləri fransız dilinə tərcümə olunarkən gizli görüş kimi anlaşılıb, lakin mən onlarla görüşləri gizli etməmişəm. İddia olunan agentlərlə söhbətləri çoxlu adamın yanında, açıq məkanlarda etmişəm. Hamı bilib, o cümlədən Azad Məmmədli".

Prosesdə Martin Ryanın ifadəsinin elan edilməsi davam etdirilib.

O, ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olan Frederik Devos ilə “Araz” kafesində görüşüb, daha sonra gəzintiyə çıxıblar. Həmin görüşdə Azərbaycan-Ermənistan müharibəsi müzakirə olunub. Frederik onlardan Türkiyədən və Pakistandan olan muzdlu döyüşçülərin Azərbaycan üçün vuruşub-vuruşmadığını soruşub. M.Ryan internetdən oxuduqları əsasında sualları cavablandırıb. Daha sonra M.Ryan şirkət açmaq üçün dəstək istəyib. Frederik Devos bununla bağlı yüksək vəzifəli şəxslərdən kömək istəyəcəyini bildirib.

İfadədə qeyd edilib ki, F.Devos fransız dilini bilənlərlə əməkdaşlıq etmək istədiyini söylədiyi üçün Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində oxuyanlarla maraqlanıb.

Martin Ryan onu Azad Məmmədli ilə tanış etdiyini bildirib. Daha sonra A.Məmmədli Frederik Devosu azərbaycanlı tanışı A.Ş. ilə tanış edib.

Bundan bir müddət sonra sonra Martin Ryanın valideynləri onu ziyarətə gəlib. Cinayət işinə əlavə edilən, onun telefonu vasitəsilə çəkilmiş fotoşəkillərdə göstərilib ki, Martin Ryan, atası, anası, dostları və Fransa xüsusi xidmət orqanının əməkdaşı Loran Lödi, onun yoldaşı və qızı ilə əvvəlcə onun Səbail rayonunda kirayə qaldığı evdə görüşüb, daha sonra ziyafətə gediblər. Həmin ərəfələrdə Loran Martinə klaviatura hədiyyə edəcəyini bildirib. Səfirliyin yanında o klaviaturanı hədiyyə edib.

Bundan əlavə, əvvəllər Fransada təhsil almış azərbaycanlı Z.M.-in doğum gününü qeyd etmək üçün Martin Ryan, Loran və digərilərinin olduğu məclisdə əks olunan şəkillər məhkəmədə nümayiş etdirilib.

Qeyd olunub ki, həmin ilin mart ayının sonunda Jerom adlı şəxs Lorandan Martin Ryanın nömrəsini alıb və onunla danışıb. Jerom Fransa xüsusi xidmət orqanlarının əməkdaşı olub.

Martin Ryan deyib ki, Azad Məmmədli, fransız iş adamı Serj Banvel ilə birgə 2019-cu ilin oktyabr ayında Bakı Frankofoniya Asossiasiyasının təşkil etdiyi tədbirdə iştirak ediblər.

Frederik və onun səfirlikdə işləyən yoldaşı onları belə tədbirlərdə daha çox iştirak etməsi üçün təşviq ediblər. Onlar daha sonra bir neçə dəfə belə tədbirlərdə iştirak ediblər.

Daha sonra Martin Ryan Loran Lödini və digərlərini milad bayramında özünün kirayə etdiyi evdə ziyafətə dəvət edib. Bundan sonra Loran ilə əlaqə saxlaya bilməyib. O, onların dost olduğuna inandığını, amma sonradan Loranın kəşfiyyatçı olduğunu, ondan sadəcə istifadə etdiyini anladığını bildirib.

Azad Məmmədli M.Ryana Loran onunla deyil, Azərbaycanın daxili məsələləri ilə maraqlandığını, kafedə söhbət edərkən ətrafdakılara şübhə ilə baxdığını deyib və onun kəşfiyyatçı olmasından şübhələndiyini deyib.

Vumart və Güvən reklamı Vumart Güvən