Özündən 19 yaş böyük ərini bıçaqladı

 19:37 05.08.2025     48

Bakının Nizami rayonunda ərini qətlə yetirməkdə cəhddə təqsirli bilinən Aynur Nağıyevanın cinayət işi üzrə yekun baxış iclası keçirilib.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi prosesi yekunlaşandan sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Zərərçəkən Sakit Nağıyev isə etirazını bildirərək vurğulayıb ki, həyat yoldaşı onu öldürmək üçün bıçaqlamayıb.

"Məni yatan yerdə vurmayıb, oturub telefonla oynayırdım, sadəcə, bıçaqlayıb da, öldürmək üçün vursaydı, iki gündən sonra xəstəxanadan çıxmazdım".

Zərərçəkən ona xəsarət yetirən arvadından şikayətçi olmadığını deyib.

Çıxış üçün söz müdafiə tərəfinə verilsə də, buna hazır olmadıqlarından növbəti proses avqustun 12-dək təxirə salınıb.

Xatırladaq ki, hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə ərinə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən