Azərbaycanlı professor vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Redaktor.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Səidə Behbudova dünyasını dəyişib.
Qeyd edək ki, Prof. Səidə Behbudova Bakı şəhərində anadan olub. 6 yaşından etibarən 11 illik musiqi məktəbində fortepiano təhsili almağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında Prof. Dr. Elmira Nəzirovanın sinfində təhsilini davam etdirib. Daha sonra Rusiyada P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Prof. Dr. Yakov Milşteynin sinfində təhsil alıb. Moskva, Tallin, Kiyev və Bakıda müxtəlif solo konsert proqramları ilə çıxış edib.
1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasında Prof. Dr. Elmira Nəzirovanın assistenti kimi Fortepiano ixtisası üzrə fəaliyyətə başlayıb. 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra dosent, 2000-ci ildən isə professor olaraq çalışıb.
Əmək fəaliyyəti dövründə milli və beynəlxalq fortepiano müsabiqələrində qalib olan onlarla tələbə yetişdirib. Prof. Səidə Behbudova Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.
2007–2010-cu illər arasında Türkiyənin Sivas şəhərində yerləşən Cümhuriyyət Universiteti Gözəl Sənətlər Fakültəsinin "Fortepiano" Bölməsində çalışıb.
2012-ci ildən ömrünün sonunadək Çukurova Universiteti Dövlət Konservatoriyasının "Fortepiano" ixtisası üzrə professor heyətində fəaliyyət göstərib.
Allah rəhmət eləsin.