Həmkəndlisini döyərək öldürən şəxsə 12 il həbs cəzası verildi

Beyləqanda yolda dava zamanı həmkəndlisini döyərək öldürməkdə təqsirləndirilən Seyidağa Rüstəmlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Redaktor.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Seyidağa Rüstəmli 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 11-də baş verib. İttihama hörə, Seyidağa Rüstəmli içkili halda ictimai asayişi pozaraq avtomobil yolunu bağlayıb və sürücülərlə mübahisə edib. Bunun qarşısını almaq üçün Ramil Kərimov Seyidağaya yaxınlaşıb və onu ərazidən uzaqlaşdırmağa çalışıb. Bu zaman Ramil Kərimovla Seyidağa Rüstəmli arasında mübahisə yaranıb. Seyidağa Ramilin sinə, üz və baş nahiyələrinə yumruq vurub. Ramil Kərimov bundan sonra xəstəxanaya yerləşdirilib və oktyabrın 22-də orada vəfat edib.
Təqsirləndirilən Seyidağa Rüstəmliyə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma), 221.2.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham edilib.