Yanğın təhlükəli sexlərin fəaliyyəti dayandırılıb

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonunda yerləşən qapı-pəncərə istehsalı sexlərində yoxlama keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Sözügedən obyektlərin xüsusi razılıq (lisenziya) olmadan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq “Yanğınsöndürmə texnikası məhsullarının istehsalı və satışı, sınaqların keçirilməsi” fəaliyyəti ilə məşğul olduğu aşkar edilib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyekt nümayəndələrinə təqdim edilib.








