Onlar da Arayikgilin məhkəməsində ifadə verdi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 21-də davam etdirilib.
Redaktor.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və sair təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş şəxs Əziz Hüseynovun hüquqi varisi – bacısı Sonagül Şirinova ifadəsində qardaşının 1994-cü il iyunun 16-da Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Xocavənddə, qaynı Habil Şirinovun isə 1993-cü il iyunun 26-da Ağdamın Xıdırlı kəndində şəhid olduqlarını bildirib.
Zərərçəkmiş şəxs Elgin Abbaslının hüquqi varisi – atası Ağayar Abbasov ifadəsində Ermənistan silahlı qüvvələrinin silahlı hücumları nəticəsində 1992-ci ildə Laçından məcburi köçkün düşdüyünü deyib. Qeyd edib ki, oğlu 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Şuşadan yaralıları təxliyə etmək üçün gedərkən şəhid olub.
Zərərçəkən Mustafa Ağayev ifadəsində 2021-ci il iyunun 16-da Sədərək rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandığını söyləyib.
Zərərçəkən Vüsalə Salmanova ifadəsində qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb.
Zərərçəkən Gülnarə Soltanova ifadəsində diqqətə çatdırıb ki, 1993-cü il oktyabrın 31-də ailə üzvləri ilə birlikdə Ağdamda avtomobillə gedərkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüb. “Bizi Xankəndidə həbsxanada, sonra uşaq xəstəxanasında saxladılar. Jirik adında erməni polis var idi, o, girovluqda bizə çoxlu əzab-əziyyətlər, işgəncələr verib. O zaman 24 yaşım var idi. Girovluqda beş ay qaldıq”, - deyə o əlavə edib.
1995-ci ilin fevralında Haramı düzü yaxınlığında əsir götürüldüyünü söyləyən İlqar Zaidov ifadəsində vurğulayıb ki, 1 il 3 ay Ermənistan silahlı qüvvələrinin əsirliyində qalıb. “Əvvəlcə Hadrutda, sonra Xankəndidə, daha sonra Şuşa həbsxanasında saxladılar. Həbsdə olduğum müddətdə ağır işgəncələr verirdilər. Avtomatın qundağı, təpik və yumruqla necə gəldi vururdular. Aylar sonra əsirlikdən azad olundum”, - deyə o bildirib.
Zərərçəkmiş şəxs Rəhilə Hacıyeva ifadə verərək, 1992-ci ilin fevral ayında Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. O, əvvəllər Xankəndidə yaşadıqlarını bildirib. Qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər. Xocalı faciəsi zamanı isə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüblər.
Zərərçəkmiş, həmçinin ifadəsində Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi sakini Cəlil kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını da söyləyib.
Kəlbəcərin Ağcakənd kəndinin sakini olan Gültəkin Cəlilova ifadəsində deyib ki, 1993-cü ilin martın 31-də kəndi məcburi tərk etməli olublar. O hadisəni belə nəql edib: “Atam, anam, iki qardaşım və mən “Niva” avtomobili ilə kəndi tərk etdik. Zülfüqarlı kəndinə çatanda orada çoxlu hərbçi var idi. “Tunel” deyilən ərazidə çoxlu yük maşını saxlanılmışdı. Hamısı yaşadıqları yerlərdən köçənlər idi. Ermənistan silahlı qüvvələri üzərimizdəki qızıl-zinət əşyalarını çıxardılar. Tuneldən çıxanda ətrafdakı qayalıqlarda faciənin baş verdiyini gördük. Qız-gəlinlərimizin ağlaşma səsləri hər tərəfə yayılırdı.
O vaxt 16 yaşım var idi. Əzab-əziyyətlə Gəncəyə gəlib çıxdıq, ayaqlarımızı don vurmuşdu”.
Zərərçəkənlər Xədicə Əhmədova və Mahizər Abdullayeva ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1992-ci ildə Laçından məcburi köçkün düşdüklərini, evlərinin talan edildiyini bildiriblər.
Laçın rayon sakini Vidadi Məmmədov ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sol diz oynağından yaralandığını söyləyib. “Bacanağım şəhid oldu, kəndimizdə bir ailənin 4 üzvü girov götürüldü. Hələ də onlar haqqında heç bir məlumat yoxdur”, - deyə o vurğulayıb.
Zərərçəkən Elvin Fərhadlı ifadəsində atası Vidadi Fərhadovun 2023-cü il sentyabrın 19-da Şuşada tikintidə işləyən zaman Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan artilleriya atəşi nəticəsində həlak olduğunu deyib.
Zərərçəkən Anar Orucov ifadəsində qeyd edib ki, atası Telman Orucov, anası Raya Rəhimova, bacısı Təranə Orucova, həmçinin əmisi və əmisi oğlu Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı faciəsində qətlə yetiriliblər. “Televiziya görüntülərində atam Telman Orucovun başının dərisinin soyulduğu görünür”, - deyə o vurğulayıb.
Qardaşının və əmisi oğlunun 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçının Güləbird kəndində şəhid olduqlarını deyən zərərçəkən Nailə Aslanova bildirib ki, həmin il mayın 18-də Laçından məcburi köçkün düşüb.
Sonra təqsirləndirilən Arayik Harutyunyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial şəkildə görüşmək üçün vəsatətlə çıxış edib.
Hakim Zeynal Ağayev vəsatəti təmin edib və konfidensial görüş keçirilməsi üçün məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.
Neftçala rayonunun Xıllı qəsəbəsindən olan Xankişi Qafarov diqqətə çatdırıb ki, 1994-cü ilin əvvəlində Kəlbəcərdə Ömər aşırımı istiqamətində döyüşlərdə Ermənistan silahlı qüvvələrinin mühasirəsinə düşüb. O, döyüşlərdə çox sayda insanın həlak olduğunu və yaralandığını vurğulayaraq qeyd edib: “Dörd gün qarın içində mühasirədə qaldıq, ayaqlarımı, əllərimi don vurdu. Sonra bizi əsir götürüb Ermənistana apardılar. Hər gün ağır işgəncələr verirdilər. Bir müddət sonra azad olundum. Donvurmaya görə sol ayağım amputasiya edildi”.
Təqsirləndirilən şəxs David Manukyanın suallarını cavablandıran Xankişi Qafarov bildirib ki, Ermənistanda əsirlikdə olduğu zaman hər gün döyülüb, işgəncələrə məruz qalıb, üzərinə itlər buraxılıb, alnına bıçaqla xaç işarəsi çəkilib.
Sonra Xankişi Qafarovun aldığı xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyi açıqlanıb.
Zərərçəkmiş şəxslər Fəxrəddin Ağayev, Loğman Balayev, Əli Qənbərov, Lətif Mürsəlov, Ramazan Mamedov və Çıraq Mehraliyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşdüklərini bildiriblər.
Digər zərərçəkmiş şəxslər Minarə Mirzəyeva, Vəzirxan Süleymanov, Şahin Məmmədov, Aidə Məcnunova, Tahirə Zeynalova, Səadət Heydərova, Tahirə Abdullayeva, Gülsarə Əhmədova, Əminə Məhərrəmova, Zəminə Qaraşova, Afaq Qasımova, Səxavət Rzayev, Sədrəddin İsmayılov, Elşad Hüseynov, Mahir Mirzəyev, Vasif Cəbrayılov, Çingiz İlyasov, Sərxan Kazımov, Xaqani Mustafayev, Məhəmməd Əhmədov, Qalib İsmayılov, Rasim Bəşirov, Əhməd Qarayev, Nicat Behbudov, Kəmalə Həsənova, Bəturə Quliyeva, Fərqanə Rəsulova, Yeganə Aslanova və Ənvər Abdullayev ifadələrində 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun artilleriyadan, digər silah-sursatlardan atəşə tutulduğunu, kəndlərin yandırıldığını və nəticədə məcburi köçkün düşdüklərini vurğulayıblar.
Mustafa Əmirov və Elxan Şıxəliyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkdiklərini və xəsarət aldıqlarını bildiriblər.
Daha sonra ifadə verən Hümbət Alırzayev, Səxavət Əliyev və Astan Bayramov Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşdüklərini diqqətə çatdırıblar.
Zərərçəkmişlərin hüquqi varisləri və zərərçəkənlər iclas zamanı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun, dövlət ittihamçıları Fuad Musayevin, Vüsal Abdullayevin və Təranə Məmmədovanın, həmçinin təqsirləndirilən şəxslərin, təqsirləndirilənlərin müdafiəçilərinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 22-də davam etdiriləcək
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.