Valideynlərinin işgəncə verdiyi uşaqlarla bağlı açıqlama -YENİLƏNİB

 21:16 27.08.2025     102

Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələri aparılır. Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağır olduğundan, onun Bakı şəhərinə gətirilməsi üçün tədbirlər görülür.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi məsələni nəzarətə götürüb. Mərkəzin əməkdaşları uşaqların yanında olub, onların səhhəti ilə yaxından maraqlanırlar. İlkin məlumata əsasən, hadisəni törədən valideynlər polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Baş vermiş hadisə zamanı valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirərək onların mənəviyyatını alçaldıblar, qəddarlıq, kobudluq və biganəlik nümayiş etdiriblər. Bu, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsinin kobud şəkildə pozulması deməkdir", - Teymur Mərdanoğlu əlavə edib.

O qeyd edib ki, mövcud vəziyyət valideynlərin məsuliyyətə cəlb olunması və Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə ilə nəticələnəcək.

***

Ağdamda valideynləri tərəfindən işgəncəyə məruz qalan körpənin vəziyyəti ağırdır.

Redaktor.az xəbər verir ki, körpə əqli qüsurlu olan hər iki valideyni tərəfindən əvvəllər də işgəncəyə məruz qalıb.

13.09.2023 təvəllüdlü R.M. 2024-cü ildə Ağdam məhkəməsinin qərarı ilə valideynlərindən alınaraq uşaq evinə verilib. Lakin bir müddət sonra Nəsimi rayon məhkəməsinin qərarı ilə yenidən valideynlərinə qaytarılıb. 

Azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.  

Faktla bağlı araşdırma aparılır.

 

Vumart və Güvən reklamı Vumart Güvən