Goranboyda binada mənzilin döşəməsi çökdü - 2 nəfər xəsarət aldı - YENİLƏNİB - VİDEO

 13:18 23.11.2025     532

Bu gün saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 2 nəfərin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Digər şəxslərə isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Goranboyda yaşayış binasının döşəməsin çökməsi zamanı xəsarət alanların adları məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar bina sakinləri 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.

Hazırda xəsarət alan hər iki şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.

Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, mənzilin döşəməsinin çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O, bina sakinlərinin təxliyə edildiyini də deyib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

2
Vumart və Güvən reklamı Vumart Güvən