Keçmiş icra baçşısının oğlu adam GÜLLƏLƏDİ - YENİLƏNİB
Bu gün saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, bu barədə Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir", məlumatda qeyd olunub.
***
Bu gün Yevlaxda silahlı insident baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.
Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi.













