7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub - atası danışdı - YENİLƏNİB
Ağcabədi rayonunun Avşar kəndində bıçaqlanan 2019-cu il təvəllüdlü S.Bəşirovun bıçaqlanmasının bəzi detalları məlum olub.
Redaktor.az xəbər verir ki, ağır xəsarətlər alan S.Bəşirovun atası Rəşad Bəşirov hadisə barədə oxu.az-a bildirib ki, hadisə Aşağı Avşar kəndində Murad adlı şəxsin evinin girişində baş verib:
"Oğlumu bıçaqlayan uşağın ailəsi ilə də tanışam, gözəl ailəsi var. Həmin adamın dayısı ilə yaxın dostam. Həmin şəxs uşağı evdən çağırıb aparıb Muradgilin qapısının qarşısına, orada bıçaqlayıb, sonra da qaçıb gedib. Oğluma çoxsaylı xəsarət yetirib. Lazımi qurumlardan xahiş edirəm, uşağımı bu vəziyyətə salan şəxsə layiqli cəzanı versin".
R.Bəşirov bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyi bilinmir: "Hələ ki, araşdırma aparılır".
***
Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Redaktor.az xəbər verir ki, azyaşlının atası Rəşad Bəşirov APA-ya hadisənin evlərinin yaxınlığında baş verdiyi bildirilib: "Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər".
R.Bəşirov onu da deyib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
04.02.2026-cı il tarixində saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.
Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
***
Ağcabədidə azyaşlı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Avşar kəndində qeydə alınıb.
Kənd sakini, şərti adı Pünhan olan azyaşlı müxtəlif bıçaq xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.













