Bir ailənin 5 üzvü pizzadan zəhərləndi - YENİLƏNİB
Şirvan şəhərində 5 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
"İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.
Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
***
Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub: "Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", məlumatda qeyd olunub.
***
Şirvanda bir ailənin 5 üzvü zəhərlənib.
Redaktor.az xəbər verir ki, bir ailənin 5 üzvü qida zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının infeksion şöbəsinə yerləşdirlib.
Onların restorandan evə sifarişlə gətirilən pizzadan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.













