Sabirabadda dəhşətli qəza: 1 ölü, 8 yaralı - YENİLƏNİB
Mayın 12-də 07:30 radələrində Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
Sabirabadda baş vermiş qəza nəticəsində “VAZ 2109”-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, digər avtomobillərdə olan sərnişinlər 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
***
Sabirabadda zəncirvari qəza olub.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.
Belə ki, "Mercedes Vito" mikroavtobusunun, VAZ-2109, "Opel" və "QAZel" avtomobillərinin toqquşması ilə baş verən qəzada bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.













