Ağsuda ağır qəza: 2 ölü, 2 yaralı - YENİLƏNİB

 11:43 26.05.2026     348

Mayın 26-da saat 03:20 radələrində Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Qeyd olunub ki, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində baş verib. 

İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb. 

Daha sonra nəqliyyat vasitəsi aralıda yerləşən çay yatağına düşüb. Hadisə zamanı avtomobildə olan 4 nəfərdən 2-si hadisə yerində ölüb. 

Digər iki sərnişin ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (APA).

22
Vumart və Güvən reklamı Vumart Güvən