AQTA-dan Gəncədə 7 nəfərin zəhərlənməsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
12 iyul 2026-cı il tarixində Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hadisə ilə bağlı açıqlamasında deyilir.
İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə xəstəxanada müvafiq tibbi yardım göstərilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və xəstələr evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.
Araşdırmalar davam etdirilir.
***
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib (APA).
***
Gəncədə kütləvi zəhərlənmə olub.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yas mərasimində baş verib.
Belə ki, yas yerində 7 nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə zəhərlənənlərin arasında azyaşlılarda var. Hadisə ilə bağlı araşdırma aparılır (APA).













