91 yaşlı şəhid xanımı paltar yığarkən eyvandan yıxılıb - VİDEO
Yevlax şəhərində 91 yaşlı Qərənfil Məmmədovanın ölümü ilə nəticələnən bədbəxt hadisənin təfərrüatları məlum olub.
Redaktor.az Baku TV-yə istinadən xəbər verir ki, xəbər verir ki, hadisə qadının yaşadığı evin pəncərəsindən paltar yığarkən baş verib. Məlumata görə, bu zaman stulun sürüşməsi nəticəsində yaşlı qadın tarazlığını itirərək aşağı yıxılıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, sentyabrın 16-sı, saat 12:40 radələrində hündürlükdən yıxılan 1935-ci il təvəllüdlü vətəndaş ağır vəziyyətdə təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Həkimlər tərəfindən müayinə zamanı ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınıqları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Tibbi personalın göstərdiyi bütün zəruri səylərə baxmayaraq, saat 14:00-da xəstənin bioloji ölümü qeydə alınıb.
Qeyd edək ki, vəfat edən qadın Birinci Qarabağ müharibəsi şəhidi Yunis Məmmədovun həyat yoldaşıdır.













