Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan polkovnikin məhkəməsi BAŞLADI
Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır.
Bu iş üzrə polkovnik Süleymanovdan əlavə, polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də mühakimə edilir. Onlar dördü də azadlıqdadır.
Media üçün qapalı keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Eks-nazirlik işçiləri 1 milyondan artıq dövlət vəsaitinin yeyintisində təqsirləndirilirlər. Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi həbs cəzası gözləyir.
Məhkəmə istintaqının qapalı keçirilməsinə, müttəhimlərim azadlıqda qalmasının davamına qərar verilib.
Əsas iclas oktyabrın 2-si keçiriləcək.
Qeyd edək ki, hazırda ittiham olunan keçmiş idarə rəisi Elnur Süleymanov Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. O, hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.













