Bakıya gələn avtobusun təkəri yandı - Sərnişinlər yolda qaldı - FOTO
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün saat 16:40 radələrində, avtobus Bakı istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində qeydə alınıb.
Hadisə vaxtı avtobusun arxa hissəsindəki təkərlərdən birində qəfil alışma olub. Dərhal sərnişinlər avtobusdan düşürülüb və yanğının söndürülməsi üçün ilkin müdaxilə edilib. Lakin alovun güclənməsi səbəbindən yanğını yerindəcə söndürmək mümkün olmayıb.
Bundan sonra, avtobusun təkərində baş verən yanğın yaxınlıqda olan avtoyuma məntəqəsindəki təzyiqli su vasitəsilə tam söndürülüb. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Sərnişinlər Xaçmaz avtovağzalından əraziyə göndərilən növbəti avtobusla Bakı yola salınıb.














