Şuşada mina partladı - xəsarət alan var - YENİLƏNİB

 22:39 28.09.2026     637

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) 28.09.2026-cı il tarixində saat 10:20 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərənin köndələn çıxıntısının minimal sınığı, döş sümüyünün xətti sınığı, bədənin müxtəlif nahiyələrində sıyrıqlar və sağ yuxarı ətrafda I dərəcəli yanıq diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir və müalicəsi Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində davam etdirilir.

***

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

"1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı Bayramov Bəxtiyar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!"

Vumart və Güvən reklamı Vumart Güvən