Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya EDİLDİ

 10:28 01.10.2026     63

Beynəlxalq axtarışda olan şəxs Polşa Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib.

Redaktor.az xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşa Respublikasında müəyyən edilən daha bir şəxsin oktyabrın 1-də Nazirlik tərəfindən Azərbaycan Respublikasına ekstradisiyası həyata keçirilib.

Belə ki, 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Rüstəmov Zirəddin Elçin oğlunun yeri Polşa Respublikasında müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Polşa Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Rüstəmov Zirəddin Elçin oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Polşa Respublikasının Varşava şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən