Bakı-Qazax yolunda yük maşını aşdı: 3 ölü, 2 yaralı - FOTO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, xırdabuynuzlu heyvanları daşıyan yük avtomobilinin aşması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı avtomobildə olan heyvanların da bir qismi tələf olub.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən hər tərəfli araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi baş vermiş faciəli qəza ilə əlaqədar bir daha sürücülərə müraciət edərək yollarda təhlükəsizlik qaydalarına kəskin riayət olunmasını tələb edib:
"Sürücülərdən yollarda maksimum diqqətli olmaq, müəyyən edilmiş sürət həddinə və ara məsafəsinə dürüst eməl etmək, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinmək xahiş olunur. Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığının yoxlanılması, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşilməməsi həyati əhəmiyyət kəsb edir".














