Goranboyda qardaş bacısını qarət ETDİ
Goranboyda qardaş bacısını qarət edib.
Redaktor.az xəbər verir ki, hadisə Goranboy şəhəri ərazisində baş verib.
24 yaşlı Akif Əmiraslanov (şərti adla) bacısına məxsus 5.1 qram çəkidə 647 manatlıq qızıl boyunbağını oğurlayıb. Bu əməlinə görə o saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bacısı əvvəllər ailəli olub boşanıb. Hazırda özü, anası, bacısı və bacısının azyaşlı uşağı ilə birgə şəhər ərazisindəki binalardan birində kirayədə qalırlar. Bəzi borcları və krediti olduğu üçün bacısının qızılını oğurlayıb. Zinət əşyasını lombarda 630 manata satıb. Həmin pulun bir hissəsini telefon kreditinə və tanışına olan borca ödəyib. Bir hissəsini də Gəncə şəhərində restoranda xərcləyib. Evə qayıdanda polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun sözlərinə görə, hazırda bacısı ilə barışıblar və dəyən ziyanı ödəyib. Zərərçəkən qadın da həmçinin təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə Akif Əmiraslanov 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib (Modern.az).












