Azərbaycanlı çobanın Ermənistana keçməsinin səbəbi bilindi - YENİLƏNİB
Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.
O, mütəmadi spirtli içki qəbul edirmiş. Çoban hadisə günü də heyvanları otarmaq üçün sərhədyanı əraziyə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.
Məlumata görə, sərhədi keçən şəxsin psixoloji problemləri olub və bir neçə dəfə də bu xəstəlikdən müalicə alıbmış.
***
Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyi iddia olunur.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, həmin şəxs aşkar edilib və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır”, - məlumatda deyilir.
Ermənistan Müdafiə Nazirliyi yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Xidməti isə bu barədə məlumata malik olmadıqlarını bildirib.
Tavuş rayonunun icma rəhbərlərindən biri isə məsələ barədə eşitdiyini, lakin dəqiq məlumata sahib olmadığını söyləyib.












