Salyanda bir ailənin 3 üzvü bıçaqlandı - Ana öldü - YENİLƏNİB
Salyanda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Redaktor.az xəbər verir ki, Salyan rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
Oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir", məlumatda deylir.
***
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Ailənin oğlu anasını, atasını və həyat yoldaşını bıçaqlayıb. Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.
Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.
Hadisəni törədən polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır (APA).













