Top ardınca qaçan uşaq maşın altında qalıb ÖLDÜ
Noyabrın 22-si saat 13:00 radələrində Bakının Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarından birində 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib.
Redaktor.az Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumata istinadən xəbər verir ki, faciəyə uşağın ehtiyatsızlığı və sürücünün sürət həddini aşması səbəb olub.
Bildirilib ki, yaşıdları ilə oynayan qızcığaz meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçib. Yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi hər iki tərəf üçün bərpası mümkün olmayan itkiyə yol açıb.
Hadisə ilə bağlı ictimaiyyətə müraciət edən Baş Dövlət Yol Polisi İdarəsi vurğulayıb ki, insanların yol qəzalarında həyatını itirməsi cəmiyyətdə acı təəssüf doğurur, körpələrin faciəsi isə hər kəsi dərindən sarsıdır.
Qurum qeyd edib ki, uşaq və yeniyetmələrin, istirahət edən və ya evinə tələsən əhalinin sıx olduğu yaşayış zonalarında belə faciələrin qarşısını almaq üçün sürücü və piyadaların üzərinə qanunla müəyyən edilmiş konkret vəzifələr düşür.
BDYPİ bütün hərəkət iştirakçılarına, xüsusilə sürücülərə müraciət edərək, onları yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə maksimum ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırıb.













