Ağcabədidə fəaliyyət göstərməyən məktəb binası yandı - YENİLƏNİB

 13:59 29.11.2026     259

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Minaxorlu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 370kv.m. olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan digər məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb.

Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

***

Ağcabədidə tarixi tikili yanıb.

Redaktor.az xəbər verir ki, hadisə gecə saatlarında Minaxorlu kəndində qeydə alınıb.

Məlumata görə, yanaraq yararsız hala düşən bina Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşir. Qeyd olunur ki, yanğın baş verən binanın 100 ildən artıq yaşı var.

Tarixi tikili əvvəllər bəy evi olub, sovet dövründə isə məktəb binası kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra köhnə tikili məktəbin anbarı kimi istifadə olunub.

Hadisə yerinə Ağcabədi Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Görülən tədbirlər nəticəsində alovun fəaliyyətdə olan məktəbə keçməsinin qarşısı alınıb (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən