Koronavirusla bağlı ictimai nəqliyyat bağlanır? - MİLLƏT VƏKİLİ

 13:38 18.11.2020     1696

“Virusla mübarizədə birinci mərhələni az ziyan və itki ilə başa vurduq. Həmin dövrdə xəstəliklə mübarizə çox yüksək səviyyədə həyata keçirildi. Amma hazırda payız fəsli olduğuna görə respiratur xəstəliklərin də sayı çoxalıb. Son iki ayda xalq olaraq fikrimiz, düşüncəmiz cəbhə bölgəsinə yönəldi, hərkəs yüksək qələbə əzmi nümayiş etdirirdi. İnsanlar küçələrdə bu qələbəni qeyd edib, bir-birlərini təbrik etdikləri zaman öz sağlıqlarını unutdular. Bu da virusun daha artıq yayılmasına səbəb oldu".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, insanlarda virusun azalması ilə bağlı müəyyən arxayınlıq yaranıb:

"Onlar unudurlar ki, bu xəstəlik toplu-tüfəngli, silahlı düşməndən daha pisdir. Çünki güllənin, topun hansı istiqamətdən gəldiyini bilmək olar, virus isə gözə görünməzdir. Bu səbəbdən o hər an, hər yerdə ola bilər. Yoluxmanın qarşısını almaq üçün qarşımızda çox sadə tələblər var: maska, dezinfeksiya vasitələrindən istifadə etmək və insanların çox olduğu yerlərdə olmamaq. Bilmək lazımdır ki, dövlətin qəbul edəcəyi qərarlarla yoluxmanın qarşısını tamamilə ala bilmərik. Hər bir vətəndaş öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir", - J.Əliyeva bildirib.

Millət vəkili yeni qərarların qəbul edilməsi ilə bağlı danışaraq bildirib ki, yaxın zamanda ümumi vəziyyət bir daha nəzərdən keçiriləcək:

“Virusla tanış olduğumuz ilk mərhələdə ictiami nəqliyyatla bağlı bir sıra qaydalar irəli sürülmüşdü. Bu da məsafənin saxlanılması və maskalardan istifadə olunmasıdır. Qaydalar, qadağalar ola bilər. Ancaq əsas olan bunları tətbiq etməkdir. Qapalı məkanlarda, ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxsləri gördükdə vətəndaşların özlərinin buna müdaxilə etməsi də məsələnin yerində həllində böyük önəm daşıyır. Yəni, qaydaların tətbiq olunmasında vətəndaşlar da öz mövqelərini nümayiş etdirməlidirlər”.

Şəfəq Samed \ Redaktor.az