Peyvəndin istifadə ediləcəyi gün açıqlandı - COVID-19
Türk həkimlərinin rəhbərlik etdiyi "BioNTech" şirkəti ilə ABŞ-ın dərman şirkəti olan "Pfizerin" ortaq hazırladığı koronavirus əleyhinə peyvəndin istifadəsi üçün vaxt təyin edilib.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Səhiyyə Xidmətlərinin katibi Alex Azar mətbuata verdiyi açıqlamasında bildirib. O deyib ki, hərşey planlandığı kimi gedərsə, dekabrın 10-dan etibarən peyvəndin istifadəsinə başlanılacaq:
"Bundan əlavə, "AstraZeneca" İngiltərə və Braziliyada etdiyi peyvəndlərdən müsbət nəticələr əldə edib. "AstraZeneca"dan 300 milyon doz peyvənd almaq üçün razılıq əldə etmişik.
Bu açıqlamadan sonra Avropa Birliyi komissiya heyətinin rəhbəri Ursula Von der Leyen bildirib ki, Birlik həftə ərzində "Moderna" dərman şirkəti ilə 160 milyon doza peyvənd üçün müqavilə bağlayacaq. Həmçinin, o bildirib ki, yalnız etibarlı və keyfiyyətli peyvənd bu pandemiyanı qalıcı və bir dəfəlik məhv edə bilər:
"Moderna şirkətinin hazırladığı peyvənd etibarlı və keyfiyyətlidir. Çünki həmin peyvənd istifadə edildikdən sonra 94.5%-ə qədər müsbət nəticə əldə edilib. Bu baxımdan onu digər şirkətlərin hazırladığı peyvəndlərdən daha təsirli hesab edirəm. Bundan əlavə, birliyə üzv ölkələrin əhali sayına uyğun miqdarda dərman vasitələri eyni anda göndəriləcək".
Bu açıqlamadan sonra Avropa Birliyinə daxil olan ölkələrdən ilk hansına peyvənd göndəriləcəyi ilə bağlı anlaşılmazlıq yaranıb.
Qeyd edək ki, Avropa Birliyi "Moderna" şirkəti ilə peyvəndə görə müqavilə bağlayarsa, bu, Birliyin dərman şirkətləri ilə imzaladığı 6-cı müqavilə olacaq.
Şəfəq Samed \ Redaktor.az












