KORONAVİRUS: Belə xəstələrdə qəfil ölüm baş verir - Həkim rəyi
"Koronavirus infeksiyası geniş yayılıb. Minlərlə orta ağır və ağır xəstələr var. Xəstələr dərman tapa bilmir və bu sahə üzrə professional həkim tapmaqda çətinlik çəkirlər".
Bu sözləri həkim Aydın Əliyev Redaktor.az-a açıqlamasında deyib. O bildirib ki, təcili olaraq apteklər zəruri dərman preparatları ilə təmin edilməlidir:
"Koronavirusun müalicəsində istifadə edilən əsas dərman preparatları tapılmır və tapılanlar da da od qiymətinədir. Bütün şikayətlər, kliniki əlamətlər, laborator və instrumental müayinələrin nəticələrində dəyişiklik olan xəstələrin nə etməli olduğu televiziyalar vasitəsilə elan edilməlidir. İnsanlar nə etdiklərini bilmirlər. Təcili yardım çatdırmır, xəstəxanalarda yer yox. Sahə həkimləri çatdırmır və əksəriyyəti bu sahə üzrə bilgisizlikdən, fərqli reseptlər yazır. Xəstəliyin əlamətləri müxtəlif insanlarda çox fərqlidir və bu həm həkimləri, həm də xəstələri çox çaşdırır. Bəzən heç qızdırması olmayan xəstə çox ağırlaşır, bəzən qızdırması olan xəstə yüngül keçirir, bəzən də həm qızdırma, həm də ağırlaşma olur.
Xüsusən yanaşı xəstəlikləri olan şəxslər hər hansı şikayətlər - baş ağrısı, boğaz ağrısı və qıcıqlanması, burun tutulması, burun axması, öskürək, döş qəfəsində ağrı və ağırlıq hissi, təngnəfəslik, boğulma, hava çatışmazlığı, kürək ağrıları, bəzən ishal-diareya, əzələ-oynaq ağrıları, halsızlıq, iştahsızlıq, hərarətin yüksəlməsı, ürəkbulanma, qusma və s. oxşar şikayətlər zamanı ilk növbədə koronavirusdan şübhələnməli, burun-udlaqdan və ağız-udlaqdan (boğazdan-əsnəkdən, burundan) yaxma-sıyrıntı-test analizi verməlidir. Test analizi mənfi çıxıbsa, lakin yuxarıdakı saydığımız şikayətlər biruzə verirsə, mütləq döş qəfəsi orqanlarının KT müayinəsi edilməlidir. KT müayinəsində 50%-dən çox buzlu şüşə görüntüsü olan xəstə görmüşəm ki, şikayəti çox cüzidir. Belə xəstələrdə qəfləti ağırlaşma və ölüm baş verə bilir.
Test analiziniz müsbətdirsə, lakin heç bir şikayət yoxdursa, yanaşı ciddi xəstəlik yoxdursa və KT müayinəsində buzlu şüşə mənzərəsi yoxdursa heç bir müalicəyə ehtiyac yoxdur. Maska geyinmək (xüsusən KN95 və tibbi-cərrahi maska), 2 metr ara məsafəsi saxlamaq və əlləri 70-95%-li etil spirti əsaslı məhlullarla dezinfeksiya etmək, toplaşmamaq, yas yerlərinə getməmək, əl ilə görüşməmək, öpüşməmək çox vacibdir. Çünki ən yaxşısı yoluxmamaqdır".
Şəfəq Samed \ Redaktor.az












