Koronavirusa yoluxanlarda "buzlu şüşə" nədir? - HƏKİM MƏSLƏHƏTİ
COVID-19 xəstələrində yaranan dəyişikliklərdən biri də ağciyərlərin radioloji müayinəsi zamanı "buzlu şüşə" görüntüsünün ortaya çıxmasıdır. Artıq çoxları "buzlu şüşə"ni məhz bu xəstəliyin əlaməti kimi dəyərləndirir.
Əslində "buzlu şüşə" nə deməkdir? Başqa hansı xəstəliklərdə bu hal müşahidə olunur?
Redaktor.az xəbər verir ki, radioloq, Azərabycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova "buzlu şüşə" ilə bağlı məsələyə aydınlıq gətirib. O bildirib ki, "buzlu şüşə" bəzən normal hallarda da radioloji görüntülər zamanı izlənilə bilər:
“Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var - "buzlu şüşə". Bəzən pasientlər onu “buz kristalı”, “buz parçası”, “kristal şəkli” də adlandırırlar. Bu, əvvəlcə səslənməsi ilə insanlarda bir təlaş yaradır. Amma demək istəyirəm ki, "buzlu şüşə" görüntüsü bəzən normal hallarda da radioloji görüntülər zamanı izlənilə bilər. Məsələn, ən bəsit halda, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəs vermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla "buzlu şüşə" görüntüsü verə bilər.
"Buzlu şüşə" görüntüsü koronavirusun əsas radiodiaqnostik əlaməti hesab edilir. Normalda şəffaf havalı görəcəyimiz ağciyərdə yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür və buzlu şüşə effekti yaranır. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır, xəstəliyin 3-4 günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir”.
Mahir Xəttab \ Redaktor.az












