COVID-19: Bu dərmanlardan zəhərlənə bilərsiniz - Həkimdən XƏBƏRDARLIQ!
“Təəssüf ki, bu gün koronavirusa yoluxan və daha çox ev şəraitində müalicə alan insanlar saysız-hesabsız antibiotiklər və antiviral dərmanlar qəbul edir. Həkim məsləhəti olmadan antibiotik qəbulunun bir çox ağır fəsadları ola bilər”.
Bu sözləri Redaktor.az-a həkim-infeksionist, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. O, müalicə prosesi zamanı antibiotik və antiviral dərmanların tətbiqinə tələsməyin düzgün olmadığını bildirib:
“Bəzi evdə müalicə alan xəstələr özbaşına saysız-hesabsız antibiotiklər və antiviral dərmanlar qəbul edir. Məsələn, vaxtilə qripin müalicəsində tətbiq olunan virus əleyhinə dərmanlardan koronavirusun müalicəsində də istifadə edirlər, lakin nəzərə almırlar ki, bu gün COVID-19-a təsir edən antiviral preparat yoxdur. Özbaşına tətbiq edilən həmin preparatlar əlavə təsirlərə və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Dövlət xəstəxanasında müalicə olunanlara verilən dərmanlar həkim müayinəsi aparılmadan təyin edilmir. Evdə müalicə alan xəstələr poliklinikaya müraciət etdikdən sonra onun vəziyyəti qiymətləndirilir, yanaşı xəstəlikləri öyrənilir və buna uyğun olaraq da xəstəyə dərmanlar verilir”.
Tanınmış həkim Qalib Əsədov da koronavirusa qarşı özbaşına atılan antiviral dərmanlar düzgün dozada qəbul edilməsə, qaraciyər və böyrəklərdə ciddi problemlər yarada biləcəyini bildirib:
"Düzdür, tək koronavirusa deyil, bütün xəstəliklərə qarşı istifadə edilən dərmanların zərərli və yan təsirləri olur. Həkimlər bu səbəbdən xəstələrə dərman yazarkən onun yan təsirlərini, xəstənin çəkisini, yaşını, yanaşı xəstəliklərinin olub-olmamasını nəzərə alaraq, dozasını təyin edir. Antiviral dərmanlar zəhərdir və bu dərmanların qaraciyərə, böyrəklərə təsiri var. Həkim dərmanın dozasını təyin edərkən onun qaraciyər, böyrək göstəricilərini də nəzərə almalıdır. Bu dərmanları özbaşına qəbul etmək olmaz”.
Mahir Xəttab \ Redaktor.az












