TƏBİB-dən virusunun mutasiyası ilə bağlı açıqlama - DAHA YOLXUCUDUR VƏ...

"COVID-19 virusunun mutasiyası ilə bağlı bir neçə ay əvvəl məlumat var idi. Mutasiyaya uğrayan virus yeni virus demək deyil. Mutasiya qorxulu bir proses də deyil, bu, sadəcə olaraq virusun yoluxuculuğunu artırır. Hazırda yaşadığımız pandemiyanın törədici virusu artıq yoluxuculuq qabiliyyətinə görə lider mikroblardan hesab oluna bilər. O, bu xüsusiyyətinə görə daha çox yoluxuculuq qabiliyyətinə malik olan qızılcaya yaxınlaşır".
Bu sözləri TƏBİB İdarə Heyəti yanında Elmi komitənin sədri Akif Qurbanov Redaktor.az-a açıqlamasında deyib. O bildirib ki, bundan sonra bizim əsas məsuliyyətimiz qoruyucu tədbirləri daha da artırmaqdır:
"Mutasiya xəstəliyin ağırlaşmasına səbəb olmayıb. Mutasiya virusun hər hansı bir xüsusiyyətinin gen səviyyəsində dəyişməsi deməkdir. Əgər virusun antigenliyi də dəyişirsə, o zaman əvvəllər hazırlanan vaksinlərin də effekti azala bilər. Amma peyvənd hazırlayanlar mutasiyaların olmasını ehtimal ediblər. Vaksin istifadə edəndə elə gen bölgələri götürülüb ki, həmin genlər mutasiyaya çox az məruz qalır. Vektor vaksinlərin hazırlanmasında buna daha çox diqqət edilib. Hazırda olan vaksinlər bu mutasiyaya da kifayət qədər effektli olacaq".
Şəfəq Samed \ Redaktor.az