Bunlar uşaqlarda D vitamini əskikliyi yarada bilər – Həkimdən valideynlərə TÖVSİYƏ

 03:39 11.01.2021     232

Uşaqlar hazırda pandemiya ilə əlaqədar olaraq bağça və məktəbə gedə bilmirlər. Dərslər onlayn keçirilir. Uşaqlar günün çox hissəsini evdə keçirmək məcburiyyətində qalırlar. Məktəbdə, bağçada olan uşaqların bir-biri ilə sosial ortamı olurdu, həm fiziki, həm mənəvi olaraq dostları ilə oynayır, fikir bölüşür, yəni enerjilərini ata bilirdilər.

Redaktor.az xəbər verir ki, bunu pediatr-neonatoloq-reanimatoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova bildirib.

Həkim deyib ki, indi isə uşaqlar günün çox hissəsini kompüter qarşısında onlayn dərslər, ev tapşırıqları, uşaq oyunları ilə keçirirlər və enerjilərini ata bilmirlər. Bir sözlə, gün ərzində yığılan enerjini xərcləyə bilmirlər və nəticədə uşaqlarda az hərəkətlilik formalaşır: "Digər tərəfdən də evdə valideynlər pandemiya dövrüdür, uşaq yaxşı qidalansın, xəstələnməsin mövqeyindən çıxış edir və uşaqlarını həmişəkindən daha da artıq qidalandırmağa çalışaraq əlavə karbohidrat yükləyirlər.

Uşaqlar isə özləri şirniyyat, fast-food yeməklərə daha çox üstünlük verirlər. Beləliklə bütün bunlar uşaqlarda kökəlmə-çəki artımı şəklində özünü göstərir.

Eyni zamanda uşaqlar lazımi qədər havaya çıxarılmır, nəticədə ev şəraitində dar və az havalı otaqlarda qalma D vitamini əksikliyinə səbəb ola bilir. Bəzi valiyenlər "qış fəslidir, uşaq havaya normal çıxmır", deyib özlərindən uşağında D vitamini əksikliyi olmaması üçün müəyyən D vitaminləri alıb verirlər. Amma D vitamininin təyini mütləq həkim tərəfindən olmalıdır. Bunun üçün D vitamini səviyyəsi qanda ölçülüb nəticəyə əsasən lazımi korreksiya (müalicə və ya profilaktika) aparılmalıdır.

Valideynlərdən xahişimiz və gözləntimiz budur ki, müvəqqqəti pandemiya dövründə balalarımıza qarşı daha diqqətli olsunlar. Qidalanmada bol meyvə-tərəvəz, ət məhsulları, bol maye qəbuluna üstünlük versinlər. Hər gün balalarımızı açıq havaya insanlar az olan yerlərə - parklara aparsınlar və sağlamlıq durumunun kontrolu üçün mütəmadi həkim nəzarətində olsunlar. Balalarımız xəstələnməsin, sağlam böyüsün". // E-tibb.az