Qarlı hava koronavirusu sürətlə yaya bilər? - EKSPERTDƏN AÇIQLAMA

 09:58 19.02.2021     763

Azərbaycan son günlərdə bu il üçün səciyyəvi olmayan soyuqla qarşı-qarşıyadır. Qar proqnozları və kəskin soyuq hava şəraiti insanlar üçün həm təəccüb, həm də qorxu mənbəyidir.

Soyuq havalarda zəifləyən immun sistemi koronavirus üçün vasitəçi rolu oynaya bilərmi? 

Professor, tibbi ekspert Adil Qeybulla Redaktor.az-a bildirib ki, karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyəti stabilləşdirib:

"İkinci dalğa dövründə Abşeron yarımadasında əhalinin yarısından çoxu xəstələndi. Təkcə xəstəxanalarda yatan insanların sayı 50 min nəfərə yaxın idi. Bundan əlavə, bu rəqəmin 4-5 dəfə çoxu evdə müalicə alan xəstələrdir".

Havanın kəskin dəyişməsi ilə bağlı Adil Qeybulla qeyd edib ki, soyuq hava şəraiti xəstəliklərin sayını artırsa da, qrip kimi xəstəliklərin sayında azalma var:

"İnsanların maska taxması, ara məsafəsini gözləməsi, karantin qaydalarına əməl etməsi infeksiyalardan qorunmağa kömək edir. Ona görə də hesab edirəm ki, gələcəkdə payız-qış ayları insanların maska taxması və məsafə qoruması çox mühüm şərt olmalıdır. Biz bunu bir mədəniyyət nümunəsi kimi gündəlik həyat tərzimizə tətbiq edə bilməliyik".

Pəri Abbaslı / Redaktor.az