İnsanı öldürən botulizm nədir?

 11:01 09.06.2021     673

Botulizm - müxtəlif tipli bakteriyalar  və onların güclü ekzotoksinləri ilə törədilən ağır qida toksikoinfeksiyasıdır (zəhərlənməsidir). Botulizm sporları anaerob şəraitə düşdükdə antigen quruluşuna görə bir-birindən fərqlənən xüsusi ekzotoksin hazırlayır.

Xarici mühitdə mikroblara spor şəklində rast gəlinir. Sporlar müxtəlif faktorların təsirinə davamlı olur, 5 saat qaynadılmaya davam gətirə bilir. Ancaq avtoklavlaşdırma zamanı ölürlər. Sporlar torpaqda yaşayır, su və ərzaq məhsulları vasitəsilə insanın bağırsağına düşür və bu yolla xəstəlik törətmədən xaric olurlar. 

Redaktor.az bildirir ki, botulizmə məxsus əlamətlər ancaq toksin orqanizmə düşdükdə inkişaf edir, yəni, insan konservləşdirilmiş ekzotoksinli ərzaq məhsullarını yedikdə xəstələnir. Nadir hallarda toksin mədə-bağırsaq sistemində vegetativ basillər tərəfindən hazırlanır. Toksin orqanizmə daxil olandan sonra onurğa beynin hərəki sinir mərkəzlərinin hüceyrələrinə təsir göstərir.Sinapslarda asetilxolin sintezini xeyli zəiflədir, nəticədə parez və iflic əmələ gəlir. Tənəffüs əzələlərinin daxili və xarici qabırğaarası və döş əzələlərinin, diafraqmanın iflici ən görkəmli və qorxulu təzahürü olur. 

Botulizmin klinik əlamətləri müxtəlif olsa da, 3 sindromla cəmləşir:

1. Paralitik

2. Dispeptik

3. Ümumi intoksikasiya

Botulotoksin bütün orqanizmə təsir göstərir, ağırlıq dərəcəsinə görə yüngül, orta-ağır və ağır formaları ayırd edilir. İlkin əlamətləri mədə-bağırsaq pozğunluqları, qusma, ishal, qarında ağrılardır. Xəstədə görmə qabiliyyəti pozulur, gözlərinin qabağında tor gördüklərini deyirlər.

Müalicəsi:

İlk növbədə botulotoksini neytrallaşdırmaq lazımdır. Xəstəyə toksin əleyhinə antitoksin zərdabı vurulur. Toksini orqanizmdən kənarlaşdırmaq üçün vacib şərt mədə-bağırsağın təmizlənməsidir. Xəstələrə antibiotik təyin edilir.