"Delta"ya yoluxanlar xəstəliyi ağır keçirir" - TƏBİB RƏSMİSİ

 19:26 01.07.2021     372

“Hazırda dünyada sürətlə yayılmaqda olan “Delta” və “Delta plus” ştammları yüksək yoluxuculuğu ilə seçilir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında TƏBİB İdarə Heyəti Yanında Tibbi Elmi Komitənin sədri, professor Akif Qurbanov deyib. O bildirib ki, sözügedən ştammların əsas əlamətləri baş, boğaz ağrısı, burun axıntısı və öskürəkdir:

“Hər hansısa şəxs “Delta” ştammı olan şəxsin yanından təmas etmədən, maskasız belə keçərsə, ona virus yoluxa bilər. Çünki ştammın yoluxuculuq qabiliyyəti təqribən iki dəfə çoxdur”.

A.Qurbanov qeyd edib ki, alimlərin apardığı tədqiqatlar onu göstərir ki, adıçəkilən ştamm növləri orqanizmdə koronavirusa qarşı əmələ gələn anticisimlərə qarşı nisbətən davamlıdır:

"Hətta virusa yoluxub sağalan şəxslər və peyvənd vurduranların bir qismində də “Delta” xəstəlik törədə bilər”.

Professor xatırladıb ki, ölkədə virus növünə yoluxma qeydə alınmayıb:

“Buna baxmayaraq, ehtiyatlı olmalı, gigiyenik qaydalara əməl etməliyik. “Delta” yüksək yoluxuculuğa malik olduğu üçün bütün yaş təbəqələrinə siraət edir. Həmçinin müşahidələr göstərir ki, sözügedən növə yoluxan şəxslər xəstəliyi ağır keçirir”.