Bakıda özəl xəstəxanada "girov" BİABIRÇILIĞI - 200 MANATA GÖRƏ...

Özəl xəstəxanlarda qiymətlərin çox baha olması hamıya məlumdur. Bu isə öz növbəsində müxtəlif problemlərə səbəb olur. Belə ki, bəzən hətta borcunu ödəyə bilməyən xəstə xəsətəxana rəhbərliyi tərəfindən “girov” saxlanılır. Bu ən çox doğuş şöbələrində yaşanır. Belə ki, borcunu ödəyə bilməyən ananın övladı “girov” olaraq saxlanılır.
Bəs görəsən bu nə dərəcədə düzgünüdür? Əslində bu məsələ qanunvericilikdə necə tənzimlənməlidir?
Məsələ ilə bağlı Redaktor.az-ın suallarını hüquqşünası Ceyhun Cəfərli cavablayıb. O bildirib ki, hər hansı bir şəxsi qanunsuz saxlamaq cinayət əməli hesab edilir:
"Yəni, hər hansı şəxsi qanunsuz olaraq qapalı məkanda saxlamaq, onu azadlığından məhrum etmək cinayətdir. Bunun fərqi yoxdur, xəstəxana, restoran və s. Vətəndaşın borcu mülki qaydada tənzimlənməlidir".
C.Cəfərli bildirib ki, vətəndaş xəstəxananın xidmətindən istifadə edib və buna görə onun borcu yaranıbsa, bu məsələ mülki qaydada həll olunmalıdır:
"Çünki həmin şəxs xəstəxanaya təsadüfən düşmür. Xəstəxanada sənədləşmə işi aparılır və onun kimliyi və ünvanı müəyyən edilir. Sözügedən sənədə xəstənin özü, yaxud yaxınları imza atır. Xəstəxananın xidmət haqqı o müqavilədə qeyd edilir. Həmin xidmətlərin qiymətlərinə imza çəkərkən razı olduğunu təsdiq edir. Əgər xəstənin məbləği ödəməyə imkanı çatmır və ya borcu qalırsa xəstəxana rəhbərliyi onu orada qanunsuz olaraq saxlaya bilməz. Amma xəstəxana mülki qaydada məhkəməyə müraciət edə bilər".
Qeyd edək ki, redaksiyamıza Bakıdakı özəl xəstəxanalardan birində doğuş edən xəstənin tələb olunan məbləğin 200 manatını ödəyə bilmədiyi üçün evə yazılmadığı haqda məlumat daxil olub. Konfidensiallığı qorumaq üçün xəstəxananın və xəstənin adını açıqlamırıq.
Şəbnəm Mehdizadə