İsti havalarda kondisioner işlədənlər, DİQQƏT! - ÇOX TƏHLÜKƏLİDİR..

“Keçə il yay vaxtında günümü demək olar ki, kondisionerin qarşısında oturmaqla keçirirdim. Sol tərəfdən kondisioner düz üstümə vururdu. Düzdü, hava isti olduğu üçün bu sərinlikdən həzz alırdım, amma düşünmürdüm ki, fəsadları ola bilər. Bir müddət keçəndən sonra gördüm ki, sol ayağımda tutulma baş verir, demək olar ki, aşağı əyilə bilmirəm. Həmin ayağımdakı ağrı daha sonra bel nahiyəmə vurdu, o ağrıdan otura da bilmədim. Öncə fikirləşdim ki, yəqin damarımda nəsə problem var, anam həkim olduğu üçün bu ağrıların kondisionerdən baş verəcəyini bildirdi. Dəqiqləşdirmək üçün həkimə müraciət etdim, o da bu problemin kondisionerdən yarandığını bildirdi. Bu ağrılardan çox əziyyət çəkirdim, gəzə bilmirdim. Yüngülvari müalicə götürüb və kondisionerdən uzaq olandan sonra ağrılar demək olar ki, yox oldu. Bu yay isə ümumiyyətlə, özümə söz vermişəm ki, kondisionerdən uzaq olacağam”.
Redaktor.az xəbər verir ki, bunu kondisionerdən ziyan çəkmiş 32 yaşlı Şahin Musayev bildirib. İstiyə dözümü olmadığından bu məişət texnikasından istifadə etmək məcburiyyətində olsa da, sağlamlığına ziyan dəyib.
Milli Elmlər Akademiyasının Biofizika institunun labaratoriya rəhbəri Tokay Hüseynov deyir ki, kondisioner havada olan vitaminləri məhv edir.
“Otaqda yüngül oksigen ionları var. Kondisioner işləyərkən həmin ionlar ölür. Həm də kondisioner işlədikcə otağa freon tipdə qaz buraxılır. Bu, qapalı yerdə insanlara çox pis təsir edir. Bunun üçün də kondisionerli otaqda uzun müddət qalmaq məsləhət deyil. Orqanizm isti və soyuq arasında mübarizə etməyə öyrəşib, isti-soyuq yeri dəyişəndə insanın müqaviməti azalır, xəstəlik ona daha tez yoluxur. Məsləhətim odur ki, kondisioner havası ilə çöl havası arasında temperatur fərqi az olsun. Bundan başqa, kondisionerli otaqların havasını tez-tez dəyişmək lazımdır, belə otaqlarda 2 saatdan çox qalmağı tövsiyyə etmirəm” - deyə Tokay Hüseynov bildirib.
Həkim-terapevt Nahid Məhərrəmov isə bildirib ki, kondisioner soyuğu yuxarı tənəffüs yollarında, daha dəqiq desək, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə gətirib çıxarır.
“Kondisioner havası olan otaq əgər təmiz deyilsə, havalanmırsa, yəni əgər tozlu bir mühitdirsə və yaxud da ki, kondisionerin filtri dəyişmirsə, o zaman bəzən kondisioner özü otaqda olan havanı sirkulyasiya etdiyi üçün orda olan bakteriyalar, infeksiyalar yuxarı tələffüs yollarında infeksion iltihab prosesi yarada bilir. Bu da allergik, hər hansı xroniki xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Adətən, belə insanlarda baş və göz ətrafında ağrılar olur, arterial təzyiq qalxır və ürək tez-tez bulanır. Sağlamlığınıza bilərəkdən mənfi zərər vurmamaq üçün, bu cihazdan imtina etmək yox, sadəcə, düzgün istifadə etməyiniz lazımdır. İnsanlar birbaşa kondisioner havasını üzərinə vuraraq, ciddi soyuq mühit yaradaraq yatırlar. Əgər bir insanda xroniki ağrılar varsa, bu zaman ağrıların artmasına gətirib çıxara bilir. Kondisionerdən istifadə edərkən düzgün rejim seçmək daha məsləhətlidir. Belə olan halda sərinləşdirici qurğular daha az təhlükəlidir” - deyə terapevt bildirib. //Moderator.az