Uşaqları günvurmadan necə qorumaq olar? - AÇIQLAMA

 13:59 08.07.2021     300

Səhiyyə Nazirliyi uşaqlarda günvurma və istivurmanın əlamətlərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov bildirib ki, istivurma ümumi zəiflik, bədən hərarətinin 39-41° -ə qədər yüksəlməsi, başgicəllənmə, baş ağrısı ilə xarakterizə olunur:

“Uşağın iştahı azalır, nəticədə o yeməkdən imtina edir, dərisi qızarır və quruyur, nəbz sürətlənir və nəfəs darlığı müşahidə olunur.

Vəziyyətin şiddətindən asılı olaraq ürək bulanması, qusma və ishal inkişaf edə bilər. Ağır hallarda müxtəlif orqan və sistemlərinin zədələnməsini göstərən qıcolmalar və huşun itirilməsi, burun qanaması, görmə pozğunluqları və digər simptomlar müşahidə olunur”.

Ekspert deyib ki, uşaqda istivurma əlamətləri olduğu halda dərhal həkimə müraciət olunmalıdır:

“İlkin yardım ondan ibarətdir ki, uşağı kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq, başı yan tərəfə əymək (qusma olduğu təqdirdə boğulma baş verməsin) lazımdır.

Ondan başqa, uşağın hərarəti artdığı təqdirdə üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə soyuq kompress qoymaq lazımdır. Kompresslər məhz sərin olmalıdır. Eyni zamanda, ona fasilə ilə bol miqdarda maye vermək lazımdır.

Körpəni birbaşa günəş şüalarına məruz qalmasından qorumaq məqdədilə ilk növbədə onun başını və ya bədənini panama və ya dəsmal ilə örtmək lazımdır.

Ondan başqa, istivurmanın qarşısını almaq üçün çimərlikdə üzməy ilə qum vannasının qəbulunu növbə ilə etmək, günəş şüasını (vannası) az doza ilə qəbul etmək məqsədəuyğundur. Həmçinin çox maye qəbul etməsi məsləhətdir, xüsusən təmiz, sərin suyu.

Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağınız səhər 10-na kimi və axşam 6-dan sonra tövsiyə olunur. Həmçinin yüngül yumşaq materiallardan hazırlanan paltarı geyinmək məsləhətdir.

Həddindən artıq fiziki fəaliyyətin (yarışlar, uzun gəzintilər və s.) məhdudlaşdırılması vacibdir. Rasiona meyvə-tərəvəz məhsulları daxil olmalıdır. Yağlı qidaları və ət məhsullarını məhdudlaşdırmaq lazımdır, xüsusilə də gündüz saatlarında və günəş şüası qəbulunu planlaşdırıldığı zaman.

Qazsız içkilərə və şəkərsiz kompotlara üstünlük verməyiniz tövsiyə olunandır.

Yuxarıda göstərilən profilaktik tədbirlərinə riayət etsək, istivurma təhlükəsi körpələrinizdən yan keçəcək və yay mövsümü onların inkişaf edən orqanizmini gücləndirməyə kömək edəcək”. //BAKU.WS