Azərbaycanda "Patı" DƏHŞƏTİ - GƏNC QIZLARI ALDADIRLAR VƏ...

 13:10 16.07.2021     2200

Narkomaniya dövrümüzün ən böyük bəlalarından biridir. Narkotik maddələrdən asılı olan insanların sayı isə getdikcə artır. Təəssüf ki, ölkəmizdə qadınlar arasında da narkotik vasitələrdən istifadə edənlərin sayında artım var. Bunun əsas səbəblərindən biri "zəhər tacirləri"nin süni narkotik istifadə edən qadınların daha tez arıqladığı barədə yalanıdır. 

Bəs görəsən bu üsulla arıqlayan qadınları sonradan hansı təhlükə gözləyir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-dietoloq Leyla Zülfüqarlı bildirib ki, insanı iştahdan kəsən, ac saxlayan hər hansı bir vasitə orqanizmə zərərlidir:

“İnsan normal olaraq acmalıdır. Qadınlar elə bilir ki, onlar yeməkdən kökəlir.  Əgər normal qidalanma və həzm prosesi gedirsə, kökəlmə və piylənmə baş verməz. 

Narkotik vasitələrdən arıqlamaq üçün istifadə edənlərin də əsas məqsədi iştahı kəsməkdir. Bu maddə də orqanizmdə dopinq effekti yaradır. Narkotik vasitə oqanizmin enerji resurslarından istifadə etməklə insanı gün ərzində ac saxlayır. Bununla da qadınlar ac qalaraq arıqlayacağını düşünür. Bu, tmamilə yanlışdır. İnsan ac qalaraq arıqlamamalıdır”.

Həkim bildirib ki, narkotik vasitələr ilk növbədə sinir sitemini məhv edir:

“Narkotik aludəçilərinin sinir sistemi sıradan çıxır. Psixoloji problemlər bir çox hallarda intihara qədər gətirib çıxarır. Digər bir məsələsə isə hormon pozğunluğunun endokrin sistemini məhv etməsidir. Bu, qadınların reproduktiv sisteminə mənfi təsir edir. Belə qadınlarda ciddi ginekoloji problemlər yaranır və onların ana olmaq şansı aşağı düşür. Ən narahatedici məqam məhz budur. Həmçinin, narkotik vasitələr həm qadınların, həm kişilərin mədə-bağırsaq sistemində qastrit, bağırsaq xərçəngi və digər xəstəliklərin yaranmasına səbəb olur”.

Qeyd edək ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında "Patı" adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlarla "Patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb. 

Şəbnəm Mehdizadə