DİQQƏT: Evdə müalicə alan koronavirus xəstələri - Bu dərmanları içməyin! / VİDEO

 18:51 25.08.2021     310

"Evdə müalicə aparan tibb işçiləri arasında koronavirusun müxtəlif mərhələsində, xəstəliyin 10-cu günündən sonra ağırlaşma zamanı xəstəxana şəraitində, analizlər əsasında başlanılmasına icazə verilən xüsusi preparatların ilkin mərhələdə evdə sistem şəklində başlanılması kimi ənənə var. Bu, birmənalı olaraq tibbi cəhətdən cinayətə bərabər addımdır".

Redaktor.az xəbər verir ki, bunu "ARB24"-ün “Gündəm” verilişinə açıqlamasında həkim Rəşad Mahmudov deyib. O bildirib ki, bu metod keçici sağalma kimi görsənən, amma 1 həftə sonra ağırlaşmanı dəfələrlə artıraraq, ölümlə nəticələnən fəsadların əmələ gəlməsinə zəmin yaradır:

“İmmunosupressiv və hormonal dərmanların virotik xəstəliklərin müalicəsində nəinki yeri  var, tam tərsinə olaraq əks göstərişdi. Kleksan, aspirin kimi dərmanların xəstəliyin ilk günündən tətbiqi faydadan çox zərər verir. Bu dərmanların lazım olmayan zamanda istifadəsinin yan təsirləri bu gün qorxduğumuz peyvəndin yan təsirlərindən minlərcə dəfə çox olduğu sübuta yetirilib. Reanimasiyaya düşən xəstələrin çoxunda bu problemlər üzə çıxır. Bəli, Deksametozon və bir çox dərmanların koronavirusun müalicəsində hansısa mərhələdə yeri olduğunu eşitmiş ola bilərsiniz. Lakin əmin olun ki, ilk 1 həftə, 10 gün ərzində bu dərmanların faydadan çox təhlükəsi var. Hətta peyvənd olmuş insanların səhhəti ağırlaşaraq, reanimasiyaya düşməsinə imkan yaradır. İlk gündən yaxşı dərmandır deyə kleksanın kütləvi şəkildə istifadəsi mədə, beyin qanaması kimi bir çox fəsadlara səbəb ola bilir. Bu dərmanların protokola girmə səbəbi xəstəliklə mübarizə deyil, xəstəliyin fəsadının müalicəsində istifadəsidir”.