Hamilə qadınlar koronavirusdan necə qorunmalıdır? - AÇIQLAMA

 13:34 27.08.2021     132

Hamilə qadınların koronavirusdan qorunma üsullarının başında əsas gigiyena qaydaları gəlir.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, koronavirus insanlara yoluxmuş insanla təmas və ya damcı yolu ilə ötürülür.

“Xüsusilə əlləri ən az 20 saniyə sabun və su ilə yumaq son dərəcə vacibdir. Ağız, burun və gözlərə əllə toxunulmamalı, asqırarkən birdəfəlik salfetlər istifadə edilməlidir.

Salfet olmadıqda dirsəyə asqırılmalıdır. Lazım olmadıqca evdən çıxmamalı və evə heç bir qonaq qəbul edilməməlidir.

Evdən çıxarkən maska taxmaq və izdihamdan qaçmaq lazımdır. Sosial məsafə qaydaları çərçivəsində digər insanlara 2 metrdən çox yaxınlaşmaq, əl sıxmaq və qucaqlamaq olmaz. Yuxu rejiminə, sağlam və balanslı qidalanmağa diqqət yetirilməlidir”, - deyə Sevinc Məmmədova bildirib.

Həkim eyni zamanda süd verən anaların nələrə diqqət etməli olduğunu açıqlayıb:

“Koronavirus epidemiyası zamanı aparılan məhdud araşdırmalar nəticəsində ana südündən körpəyə koronavirusun ötürülməsi aşkar edilməyib.

Bu səbəbdən anaların körpələrini əmizdirməkdən qorxmasına ehtiyac yoxdur. Körpələri əmizdirməzdən əvvəl əllər sabun və su ilə yuyulub maska və əlcək taxılmalıdır.

Ana südü verərkən tənəffüs gigiyenasına riayət edilməlidir. Ancaq bu vəziyyət anaya uyğun gəlmirsə, ana südü sağılaraq steril şüşə vasitəsilə sağlam insan tərəfindən körpəyə verilə bilər”.

Sevinc Məmmədova eyni zamanda COVID-19-un doğuşa təsirlərindən danışıb:

“Təbii yollarla və ya keysəriyyə əməliyyatı hamiləliyin hazırkı gedişatına, ana və körpənin sağlamlıq vəziyyətinə görə qərar verilir.

Ana və körpənin ümumi sağlamlığı yaxşı olarsa, normal doğuşa üstünlük verilə bilər. Sosial təcrid qaydalarının tətbiq edilməsinə davam edilməsi və doğuşdan sonra evə heç bir ziyarətçinin buraxılmaması ana və körpənin sağlamlığı üçün son dərəcə vacibdir”.  //BAKU.WS