Xəstəliyə görə vaksin vurdurmayanlar nə etməlidir? - BU SƏNƏDLƏR LAZIMDIR

Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getmək istəyən yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunur.
Vətəndaşlar arasında çaşqınlıq yaradan məsələ isə müxtəlif xəstəliklər səbəbindən COVID-19 pasportu ala bilməyənlərin peyvəndlənmə əleyhinə "Əks göstəriş sertifikatı"nı necə almalarıdır.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupundan Redaktor.az-a bildirilib ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikatı"nın verilməsinə başlanılıb:
"Əks göstəriş sertifikatı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa Əks göstəriş sertifikatı veriləcək", - deyə işçi qrupundan bildirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin komissiyasına göndərilmək üçün vətəndaşın həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin nəticələrini, həmçinin müxtəlif analizlərin cavablarını əks etdirən sənədlərin olması vacibdir.
Oral Mədənçi / Redaktor.az