Dietoloqdan həyəcan təbili: - Arıqlamaq üçün "patı"dan istifadə edənlərin sayı artır

 14:15 05.10.2021     1053

İdeal bədən quruluşu hər kəsin aruzusudur. Hər kəs müəyyən üsullarla arıqlayıb xəyalındakı çəkiyə sahib olmağa çalışır. Təəssüf ki, bəzən bunun üçün hətta sağlamlığını təhülkəyə atmaqdan çəkinməyənlər də var. Bəs görəsən, sağlam şəkildə necə arıqlaya bilərik?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını həkim-dietoloq Leyla Zülfüqarlı cavablandırıb. O bildirib ki, insanlar arıqlamaq üçün öz sağlamlıqlarını təhlükə altına salır:

“Günümüzün ən həssas, həyəcan təbili deyə haray salmağımız gərəkən məsələlərindən biri də narkotik istifadəçilərinin sayının artmasıdır. Təəssüf ki, onlar arasında azyaşlılar və xanımlar da var. Bunun da kökündə narkotik vasitələrin insanları arıqlatması ilə bağlı səhv məlumatlar dayanır. Düzdür, Metamfetamin tərkibli “patı”maddəsi insanı arıqladır. Maddənin tərkibi psixo-simulyator olduğu üçün ilk günlər baş beynimizə ciddi şəkildə təsir edir. Beyin güclü çalışır və orqanizm öz resurslarını xərcləyərək enerji parçalayır. Metobolizm sürətlənir və bunun nəticəsində insan özünü gümrah hiss edir. Amma insanlar başa düşmür ki, bu zaman təkcə yağ və piy deyil, eyni zamanda əzələ toxuması da parçalanır. İlk günlər buna görə insanlar qidasız qala bilir. Ac qalma və narkotik hesabına arıqlayan insan bioloji ölümünü tezləşdirir. Bu insanlar öz ölümlərinə özləri fərman verir”.  

Dietoloq sağlam şəkildə arıqlamağın qızıl qaydalarını açıqlayıb: “Həkim dietoloq olaraq deyə bilərəm ki, sizə təklif edilən arıqlamaq həbləri, çaylar, kofelər, energetik içkilər nə qədər ziyandırsa narkotik onlardan daha təhlükəlidir. İnsan qidadan və qidanın səhv qəbul edilməsi nəticəsində baş verən hormonal pozğunluq zamanı kökəlir. Bunun qarşısını yalnız qida rejimimizi düzəldərək ala bilərik. Dietoloq olaraq köklükdən əziyyət çəkən xanımlarımıza hər zaman kömək etməyə hazıram. Yetər ki, onlar səhv istiqamətlərə üz tutmasın. Çünki qadın gələcəyin anasıdır. Gözəllik naminə sağlamlığı qurban vermək olmaz. Hansı ki, burada heç bir gözəllikdən söhbət getmir.

Bu sadəcə aldadıcı bir haldır və asılılıq yaradır. Arıqlamaq istəyən hər kəsə tövsiyə edəcəyim yalnız bir qayda var. Qidalanmaya diqqət etmək lazımdır. Sağlam qidalanmaq çətin deyil. Əslində bir neçə qeyri-sağlam qidaya yox deyə bilsək (şəkərli, qazlı və energetik içkilər, "fast food"lar, hazır və rəflərdə aylarda qalmış məhsullar) məsələ öz həllini tapır. Biz arıqlama proqramı zamanı passientə meyvə, tərəvəz, çərəz, hətta doğru şokoladların qəbuluna icazə veririk. Gündəlik yuxu rejimi də burada önəmli rol oynayır. Gec saatlara qədər yuxusuz qalmaq hormonlara mənfi təsir edir. Gün ərzində lazımi qədər maye qəbulu çox vacibdir. Bütün bunlarla yanaşı fiziki aktivliyə diqqət etməliyik. Bu qaydalara əməl etsəniz sağlam şəkildə arıqlaya bilərsiniz”.

Şəbnəm Mehdizadə