Koronavirusa yoluxan zaman nə etməliyik? - Tanınmış həkimdən MƏSLƏHƏT

 11:08 30.09.2021     1218

Adətən koronavirusa yoluxan əksər xəstələr ilkin məqmda nə edəcəklərini bilmir. Bəzi halda heç bir şikayəti olmayan xəstələr belə müxtəlif bahalı analiz və müayinələrədən keçib, stasionar müalicə alır. Bəs görəsən virusa yoluxduğumuz ilkin məqamda nə etməliyik? Hansı halda stasionar müalicə şərtdir. 

Mövzu ilə bağlı tanınmış həkim-radioloq Aydın Əliyev şərh verib. O bildirib ki,  əgər xəstənin COVİD-19 PCR testi müsbətdirsə(pozitiv), fəqət heç bir şikayəti  yoxdursa hansısa  müayinə və müalicəyə ehtiyac yoxdur: “Bu zaman panikaya qapılaraq kompüter tomoqrafiyası (KT),  Rentgendən keçərək, 30-40 adda qan analizi, müxtəlif dərman və ya  sistem qəbul etmək olmaz. Bunların heç biri lazım deyil. Yüngül və orta ağır şikayətlər olduğu zaman hətta O2 saturasiyası lap 85-ə düşsə belə o saat KT-yə qaçmaq olmaz. Saturasiyanı qaldırmaq üçün müvafiq ambulator və ya stasionar müalicə üçün müraciət edin”.

Həkim qeyd edib ki, COVİD-19 xəstəsi ilə təmasda olan şəxslərin test neqativdirsə və heç bir şikayət yoxdursa, yenə də heç bir müayinə və müalicə etmək lazım deyil: “Əgər test neqativ çıxıbsa  amma müəyyən şikayət varsa, qanda Covid-19 İgM-i yoxlatdırmaq lazımdır. O da mənfidirsə və O2 saturasiyası aşağıdırsa bu zaman diaqnoz qoymaq üçün KT müayinəsi lazım ola bilər.  Son günlər yoluxub, lakin xəstəliyi yüngül keçirən, O2 saturasiyası hətta 97-98 olan bir neçə tanışım lazım olmadığı halda, KT müayinəsinə gedir. Hətta bəziləri ağciyərlərində 20-30% “buzlu şüşə mənzərəsi” var sözünü eşidəndən sonra dəhşət isterik-panik boğulmaya məruz qalıb. Canınıza yazığınız gəlsin. Lazım olmadığı halda gedib canınıza və cibinizə ziyan vurmayın”.