"Vəziyyət daha da pisləşəcək" - Məktəblərdə yoluxma ilə bağlı XƏBƏRDARLIQ

 17:31 13.10.2021     1517

Xəbər verdiyimiz kimi, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu koronavirusdan (COVİD-19) vəfat edib. Məktəblinin infeksiyadan ölümü isə valideynlər və şagirdlər arasında ciddi narahatlığa səbəb olub. Sosial şəbəkə iştirakçısı olan valideynlər məktəblərin pandemiya tələblərinə cavab vermədiyi fikrindədirlər.

Bəs görəsən, məktəblərdə yoluxma hallarının qarşısını necə almaq olar?

Tibb üzrə ekspert, həkim Şəmsiyyə Namazlı deyir ki, məktəblər açılmazdan öncə yoluxma hallarının qarşısının alınması üçün tədbirlər planı hazırlanmalı idi:

“Əyani tədris başalamazdan əvvəl bütün bunlar nəzərə alınmalı idi. Müəllim və valideynlərin vaksinasiyası, şagirdlərin yoxlanılması, sosial məsafə, tibbi maskadan istifadə vacib məqamlardır. Bunlar olmazsa yolxumanın aratacağı bəlli məsələdir. Dövlət məktəblərində şagird sayı siniflərdə həddən çox olur. Bəzi siniflərdə hətta 30-35 nəfər olur. Bu siniflərdə yoluxma təhülkəsi daha çoxdur. Valideynlər distant təhsildən şikayət edirdi. Məktəblər açılsa da, təhlükəsizlik tədbirləri istənilən səviyyədə deyil. Təkcə məktəb rəhbərliyi yox, eyni zamanda müəllimlər, valideynlər və şagirdlər öz məsuliyyətini dərk etməlidi”.

Ekspert bildirib ki, vəziyyət daha da pisə doğru gedə bilər: 

“Koronavirusdan vəfat edən məktəbli 9-cu sinif şagirdi olub. Yuxarı sinif şagirdləri bu barədə kifayət qədər məlumatlıdır. Biz gözəgörünməz bir təhlükə ilə qarşı-qarşıyayıq. Şagirdin harada virusa yoluxduğu və kimləri yolxudurduğu da bəlli deyil. Əksər şagird məktəbə avtobus, metro ilə gedir. İctimai nəqliyyatda həddən artıq sıxlıq var. Orada sosial məsafədən söhbət gedə bilməz. Avtobuslarda maskadan istifadə etməyən xeyli insan var. Havalar soyuduğuna görə pəncərələr bağlanıb. Yoluxma hallarının artması tamamilə təbiidir. Bunun günahı isə yenə insanların özündədir. Ən sadə qaydalara belə riayət etmirik. Elə adamlar var ki, bir maskadan 15 gün istifadə edir. İrad bildirəndə deyir ki, mən vaksin olmuşam. Bunun məsələyə nə dəxli? Vaksin olunan virusa yoluxmur ki? Belə olan halda yaxın gələcək üçün belə proqnoz vermək mümkün olmur. Profilaktik tədbirlər gücləndirilməsə,vəziyyət daha da pisə doğru gedə bilər”.