ÜST məhdudiyyətləri sərtləşdirməyə ÇAĞIRDI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yoluxma hallarının sürətlə artdığı ölkələrə sərt məhdudiyyətlərin tətbiqində gecikməməyə dair xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq qurumun koronavirus üzrə aparıcı eksperti Maria Van Kerhove açıqlama verib. O bildirib ki, müvafiq tədbirlər nə qədər erkən həyata keçirilsə, sərt məhdudiyyətlərin tətbiqi bir o qədər də az ola bilər.
Ekspert, həmçinin qeyd edib ki, virusun hazırda sirkulyasiya edən variantları ilkin variantla müqayisədə daha yoluxucudur və bu məqam sərtləşdirilmələr barədə qərar verilən zaman nəzərə alınmalıdır.
Təşkilatın Fövqəladə hallar şöbəsinin rəhbəri Mayk Rayan isə bildirib ki, bir sıra ölkələr hazırda infeksiyanın yayılmasına görə ağır vəziyyətlə üzləşiblər və hazırda ən azından müvəqqəti olaraq yoluxma hallarının sayını azaltmaq üçün sərt məhdudiyyətlərə əl atmaq məcburiyyətindədirlər.
O, konkret ölkə adları çəkməsə də hazırda Avropa ölkələrində artımın daha yüksək olduğu müşahidə edilir. Sərtləşdirilmələr sırasında maskadan istifadənin genişləndirilməsi, məsafə saxlanması, qapalı məkanlarda tədbirlərin məhdudlaşdırılması və evdən işləmə qaydalarının tətbiqi yer alır.