COVID-19-a qarşı təsirli dərman tapıldı

 10:15 20.11.2021     519

Alimlər bitki mənşəli tapsiqargin preparatının SARS-CoV-2 virusunun üç variantına qarşı, o cümlədən “delta” variantına qarşı təsirini sınaqdan keçirib və onların effektivliyini təsdiqləyiblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “ Virulence” jurnalında dərc olunub.

Tapsiqargin aktiv maddəsi “Thapsia gargantea” çətir bitkisindən alınan geniş spektrli antineoplastik və antiviral dərmandır. Daha əvvəl bildirilmişdi ki, bu dərman yoluxucu virusların üç əsas növü olan “soyuqdəymə” koronaviruslar, respirator sinsitial virus (RSV) və A qripi virusuna qarşı immun sistemini aktivləşdirir.

2021-ci ilin fevral ayında Nottingem Universitetinin tədqiqatçıları Çin Kənd Təsərrüfatı Universitetinin həmkarları ilə birlikdə bu dərmanın yeni SARS-CoV-2 koronavirusuna qarşı təsirli olduğunu aşkar ediblər. Laboratoriya tədqiqatlarının nəticələri göstərdi ki, tapsiqargin bir dəfə istifadə edildikdən sonra ən azı 48 saat ərzində hüceyrələrdə virusun təkrarlanmasının qarşısını alır.

Yeni bir araşdırma bu dərmanın hazırda dünyanın bir çox ölkəsində geniş yayılmış delta variantına qarşı necə işlədiyini sınaqdan keçirdi. Məlum olub ki, delta alfa və beta variantları ilə müqayisədə hüceyrələrdə ən yüksək çoxalma qabiliyyətinə, populyasiyada isə ən yüksək paylanma əmsalına malikdir.

Müəlliflərin fikrincə, tapsiqargin qrip, COVID-19 və RSV kimi bir neçə infeksiyaya qarşı eyni vaxtda kompleks dərman kimi istifadə edilə bilər. Virusları hədəf alan adi antiviral dərmanlardan fərqli olaraq, SARS-CoV-2 də daxil olmaqla üç əsas insan tənəffüs virusuna qarşı yüksək güclü geniş spektrli antiviral anadangəlmə immun cavabı verir.

Üstəlik, nəticəyə nail olmaq üçün - virusun tamamilə məhv edilməsi - bəzən çox kiçik dozalar kifayətdir. Hüceyrə mədəniyyətləri və heyvanlar üzərində aparılan ilkin sınaqlarda, tapsiqarqinin bir dozası koronavirusun hər üç variantını - alfa, beta və deltanı nəzarət qrupu ilə müqayisədə 95 faizdən çox effektiv şəkildə bloklayıb.

Müəlliflər ümid edirlər ki, tapsiqargin COVID-19 üçün məruz qalma sonrası profilaktik və aktiv terapevtik agent kimi fəal şəkildə istifadə olunacaq. Dərmanın təhlükəsizliyi klinik sınaqlarda təsdiq edilib.

Nuranə Tofiqli