Bunlar qəfil ölümlərə səbəb olur - Həkimlərdən XƏBƏRDARLIQ

 12:47 03.01.2022     4620

Hər il dünyada minlərlə insan qəfil ürəktutmaısndan həyatını itirir. Təəssüf ki, son dövrlərdə ölkəmizdə də belə halların sayı çoxalıb. Bəzən hətta heç bir xəstəliyi olmayan sağlam insanlar qəfil ürək tutmasından ölür. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-kardioloq Samir Əsgərov bildirdi ki, inkişaf etmiş ölkələrdə və eləcə də Azərbaycanda ürək-damar xəstəlikləri ani ölümlərin ən çox rast gəlinən səbəbidir:

"Qəfil ölümlər ən çox ürək-damar xəstəliklərindən yaranır. Ürək-damar xəstəliklərində ən çox ürəkdə miokard infarktının olmasıdır. Orqanizmdə gizli gedən aritmiyalar var ki, xəstələrin bəzən bundan xəbəri olmur. Bu da qəfil ölüm yarada bilir. Həmçinin, orqanizmdə ürək-ağciyər yolunda ağciyər arteriyası deyilən fonunda qəfil ölümlərə səbəb ola bilir. İnsanların uzun müddət hərəkətsiz qalması, qida rasionunda həddən artıq duzlu və yağlı məhsullardan istifadə etməsi, fast-foodlardan istifadə edilməsi, gecə saatlarında qeyri-sağlam qidalanma, qazlı içkilər qəfil ürək ölümlərinə səbəb olan xəstəliklərin yaradıcı səbəbidir”.

Həkimin sözlərinə görə, pandemiyanın ilkin dövrlərində insanların evdə qalması və gəzmək kimi fəaliyyətinə qadağa qoyulması, belə ölümlərin sayını artırıb:

“Bütün bunlar insanlarda stressə səbəb oldu. Stress faktoru çox böyük önəm daşıyır. Stress ürək damarlarının spazmına, daralmasına səbəb olur. Qidalanma stabil olsa da, pandemiya dövründə insanların hərəkəti azaldı. Bu da qəfil ölümlərin sayına təsir edən əsas səbəblər sırasındadır. Bundan başqa koronavirusa yoluxan şəxslərin sonradan orqanizmində bir sıra xəstəliklər yarandı. Daha əvvəl heç bir xəstəliyi olmayan bəzi şəxslərdə Covid-19-a yoluxduqdan sonra ürək aritmiyaları yarandı. Ürəyi qidalandıran damarlarda tromplar yaranır və çoxalır ki, bunlar da qəfil ürək dayanmasının əsas səbəblərindəndir. Ürəyin tac damarlarında həmin trompların böyük kütlə şəklində yerləşməsi stress faktoru ilə bir yerdə ciddi ölümlərə səbəb olur”, - deyə Samir Əsgərov bildirdi.

Həkim-kardioloq Sevil Tərlanova da bildirdi ki, ürək-damar xəstəliklərinin yaranmasında başlıca faktor stress və qeyri-sağlam qidalanma dayanır:

“Qidalanma və ekoloji tarazlığın pozulması bu məsələdə ciddi rol oynayır. Qeyri-sağlam qidalanma nəticəsində orqanizmdə xolesterinin mübadiləsi pozulur. 10 il əvvələ qədər ürəktutmasından ölənlərin sayı 34 faiz təşkil edirdi. İndi bu göstərici 50 faizə qədər artıb. İnsanların çoxu hazır və ya dondurulmuş qidalardan, fast-foodlardan istifadə edir. Onların tərkibindəki yağlar orqanizmdə ciddi fəsadlara yola aça bilir. Həmçinin, əsəb sisteminin gərginləşməsi immun sistemini zəiflədir. Əsəb və stress orqanizmdə müxtəlif xəstəliklərə yol açır. Bunlardan ən önəmlisi isə qəfil ölümə gətirib çıxaran ürək-damar xəstəlikləridir”.

Şəbnəm Mehdizadə