Yanvar ABŞ-da “viral fırtına” ayı olacaq

 20:36 31.12.2021     171

ABŞ-ın səhiyyə mütəxəssisi, Minnesota Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssisi Maykl Osterholm koronavirusun “omicron” ştamının yayılması səbəbindən yanvar ayında epidemioloji vəziyyətin pisləşə biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az  xarici KİV-ə istinadən xəbər verir ki, infeksionist bu barədə MSNBC telekanalının efirində danışıb.

O bildirib ki, yanvar ABŞ-da “viral fırtına” ayı olacaq: "Bütün cəmiyyətimiz çətinliklərlə üzləşəcək".

Osterholm vurğulayıb ki, COVID-19-un hazırkı dalğası yanvarda pik həddə çatacaq.

Eyni zamanda, “Reuters”in məlumatına görə, xəstələnmə göstəricilərinin artması vətəndaşların bayram səfərləri, eləcə də məzuniyyətdən sonra tələbələrin geri qayıtması ilə bağlı olacaq.

Qeyd edək ki, son vaxtlar ABŞ-da koronavirus infeksiyasının maksimum gündəlik yayılma sürəti qeydə alınıb. Belə ki, son yeddi gündə gündə orta hesabla yeni yoluxma sayı 254 496 nəfər təşkil edib. Bu da ABŞ-da 251 989 nəfərə koronavirus diaqnozunun qoyulduğu 2021-ci ilin yanvarında qeydə alınan rekord göstəricidən yüksəkdir.